Uşaq və gənclər

İşə düzəlmə üçün minimum yaş həddi

Uşaqlar, onların yaşına, sağlamlıq vəziyyətinə, ümumtəhsil və peşə hazırlığı səviyyəsinə uyğun olan əməklə məşğul olmaq hüququna malikdirlər. Bir qayda olaraq, işə düzəlmək üçün minimum yaş həddi 15 yaşdır. Məktəbi bitirmənin minimum yaş həddi 15 yaşdır, belə ki, icbari ümumi təhsilin müddəti 9 ildir. 15-18 yaşında olan şəxslərlə əmək müqaviləsinin bağlanması zamanı valideynlərdən (qəyyumlardan) birinin yazılı razılığı lazımdır.  Orta ümumtəhsil məktəblərinin, peşə məktəblərinin, liseylərin, orta-ixtisas təhsil müəssisələrinin 14 yaşına çatmış şagirdləri valideynlərin (qəyyumların) razılığı ilə sağlamlığa zərərsiz olan yüngül işlərin icrası ilə dərsdən kənar vaxt ərzində istehsalat təcrübəsindən keçmək məqsədilə işlə təmin edilə bilərlər.

18 yaşına çatmamış şəxslər yaşın az olması, əmək bacarıqlarının və ya peşə səviyyəsinin aşağı olması səbəbi ilə işə qəbul edilməyə bilməzlər. 15 yaşına çatmamış şəxslərin işəgötürən tərəfindən işə qəbul edilməsi vəzifəli şəxslərə 1000 manatdan 15000 manatadək, hüquqi şəxslərə isə 3000 manatdan 5000 manatadək inzibati cərimənin tətbiq edilməsi ilə cəzalandırılır.

Mənbələr: Əmək Məcəlləsinin 42, 46, 247-249 maddələri, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının 19.05.1998 tarixli 499-IQ nömrəli qanununun 24 maddəsi, İnzibati Xətalar Məcəlləsinin 192.8 maddəsi 

Zərərli istehsalatda işləmək üçün işçinin minimum yaş həddi

Sağlamlığa zərər vura biləcək işlərə yetkinlik yaşına çatmamış işçilərin qəbul edilməsi qanunla qadağan edilir. Məhz bu səbəbdən, 18 yaşına çatmamış şəxslərin ezamiyyətə buraxılması, istirahət və bayram günlərində işə çıxarılması, iş müddətindən artıq işlədilməsi, gecə işlərinə və yeraltı işlərə cəlb edilməsi qadağandır. Zərərli və ağır əmək şəraiti olan işlərin siyahısı Nazirlər Kabinetinin Qərarı ilə müəyyən edilib (həmin işlərə 18 yaşına çatmamış şəxslərin cəlb edilməsi qadağandır).

18 yaşına çatmamış işçilər tərəfindən normadan artıq ağırlıqda olan yüklərin qaldırılması və daşınması qadağandır. 16 yaşına çatmamış qızların bütün iş vaxtı ərzində yüklərin qaldırılması və daşınması ilə bağlı işlərə cəlb edilməsi qadağandır.

Həmçinin yetkinlik yaşına çatmamış işçilərin onların mənəvi inkişafına xələl gətirən işlərə cəlb edilməsi qadağandır (gecə klubları, barlar, kazinolar, spirtli içkilərin, narkotik maddələrin və toksik preparatların istehsalı, daşınması, satışı və saxlanması, həmçinin narkotik vasitələrin, psixotrop maddələrin və onların prekurslarının dövriyyəsi ilə bağlı işlər).

18 yaşına çatmamış şəxslərin tam həcmdə təhsil almalarına mane ola biləcək işlərə qəbul edilməsi qadağandır.

İşəgötürən tərəfindən uşaqların onların sağlamlığına, həyatlarına və mənəviyyatlarına xələl gətirə biləcək işlərə cəlb edilməsi vəzifəli şəxslərə 3000 manatdan 4000 manatadək, hüquqi şəxslərə isə 10000 manatdan 13000 manatadək cərimənin tətbiq edilməsi ilə cəzalandırılır.

Mənbələr: Əmək Məcəlləsinin 250, 251 və 254 maddələri, İnzibati Xətalar Məcəlləsinin 192.9 maddəsi, “18 yaşına çatmamış şəxslərin əməyinin tətbiqi qadağan olunan, əmək şəraiti zərərli və ağır olan istehsalatların, peşələrin (vəzifələrin), habelə yeraltı işlərin siyahısının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı

Yetkinlik yaşına çatmayanların əməyinin normativ tənzimlənməsi:

  • Трудовой кодекс Азербайджанской Республики 1999 г. (в ред. от 17.05.2016) / Labour Code of the Republic of Azerbaijan 1999 (version 17.05.2016)
  • Кодекс Азербайджанской Республики об административных проступках 2015 г. (в ред. от 24.06.2016) / Code on Administrative Offences of the Republic of Azerbaijan 2015 (version 24.06.2016)
  • Закон Азербайджанской Республики «О правах ребенка» от 19.05.1998 №499-IQ (в ред. от 29.04.2016) / Law of the Republic of Azerbaijan «About children's rights» 19.05.1998 №499-IQ (version 29.04.2016)
  • Постановление Кабинета Министров Азербайджанской Республики «Об утверждении списка производств, профессий (должностей) с вредными и тяжелыми условиями труда, а также подземных работ, на которых запрещается применение труда лиц моложе 18 лет» / Resolution of the Cabinet of Ministers of the Republic of Azerbaijan «About approval the list of industries, occupations (posts) with harmful and difficult labor conditions, as well as underground work in which prohibited the use of the labor of persons under 18 years»