İşdə xəsarət ödənişləri

Əlillik / istehsalatda baş vermiş bədbəxt hadisələrə görə müavinət

İstehsalatda baş verən bədbəxt hadisələrin 4 növ nəticələri ola bilər: (I) əmək qabiliyyətinin tam davamlı itirilməsi; (II) əmək qabiliyyətinin qismən davamlı itirilməsi; (III) əmək qabiliyyətinin müvəqqəti itirilməsi; (IV) ölüm. Kompensasiyanın məbləği əlilliyin səbəbindən və dərəcəsindən asılıdır  .

İşəgötürən öz işçilərini istehsalatda baş verə biləcək bədbəxt hadisələrdən sığortalamalıdır. Sığorta hadisəsi – istehsalatın zərərli və ya təhlükəli amilləri nəticəsində işçi tərəfindən onun vəzifə öhdəliklərinin icrası zamanı baş vermiş və işçinin zədələnməsinə, səhhətinin qəfil pisləşməsinə və ya zəhərlənməsinə  səbəb olan hadisədir. Belə olan halda, əmək qabiliyyətinin itirilməsinin dərəcəsini göstərmək, xəstəliyin olub-olmamasını və ya ölüm faktını təsdiq etmək lazımdır. Peşə xəstəlikləri və ya istehsalatda bədbəxt hadisələrin baş verməsi nəticəsində işçinin həyat və sağlamlığına zərərin vurulması nəticəsində işçinin ölümü və ya əmək qabiliyyətinin itirilməsi ilə bağlı qanunvericiliklə sığorta ödənişləri nəzərdə tutulmuşdur.

İşçi əmək qabiliyyətini müvəqqəti itirdikdə ona orta əmək haqqının məbləği ilə faiz nisbətində müavinət ödənilir. Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət sığorta edilən şəxsə əmək qabiliyyətinin itirilməsi müddəti ərzində bərpa olunanadək və ya əlilliyi aradan qaldırılanadək ödənilir. Sonuncu halda əlillik dərəcəsi tibbi komissiya tərəfindən müəyyən edilir.

Əmək qabiliyyətinin tam davamlı itirilməsi müəyyən edildikdə birdəfəlik müavinət ödənilir. Əlillik dərəcəsi tibbi komissiya tərəfindən müəyyən edilir və yenidən baxılır.

İşçinin ölümü zamanı birdəfəlik müavinət ödənilir. Dəfnə görə iki növ müavinət ödənilə bilər. Dövlət müavinəti 120 manat təşkil edir. Sığorta müavinətinin minimum məbləği ölümə qədər ölmüş işçinin son 12 ay ərzində orta əmək haqqının üç mislinə bərabərdir. 

İcbari sığorta müqaviləsinə görə sığorta ödənişi əmək haqqının birillik fondu ilə sığorta tarifinin hasili vasitəsilə müəyyən edilir. Aşağıdakı tarif sığortaları müəyyən edilmişdir: qulluqçular üçün – 0,2-0,5%, işçilər üçün – 0,4-2%. Sığorta ödənişi sığorta edən tərəfindən sığorta edilənə hissə-hissə və ya birdəfəlik olaraq icbari sığorta müqaviləsində nəzərdə tutulmuş qaydada müqavilə ilinin əvvəlində ödənilir.

Sığorta ödənişlərinin üç növü var:

  1. aylıq sığorta ödənişi - əmək qabiliyyətinin itirilməsi ilə bağlı ödənilməyən aylıq əmək haqqının kompensasiyası;
  2. birdəfəlik sığorta ödənişi – işçi əlil olduqda və ya öldükdə;
  3. əlavə sığorta ödənişi – müalicə, əlavə qidalanma, dərmanların alınması, protezləmə, sosial xidmət, sanatoriya-kurort müalicəsi, xüsusi nəqliyyat vasitələrinin əldə edilməsi, digər peşəyə hazırlıq xərclərinin ödənilməsi üçün.

Bu ödənişlər düsturlar əsasında hesablanır. Sığorta ödənişinin alınması üçün sığorta tələbinin və müvafiq sənədlərin təqdim edilməsi anından etibarən 10 iş günü ərzində (ölüm baş verdikdə - 2 iş günü) sığorta edən sığorta ödənişinin ödənilib-ödənilməməsi barədə qərar qəbul edir və sığorta müavinətini alan şəxsi bu barədə məlumatlandırır.

Sığorta şirkəti aşağıdakı hallarda sığorta ödənişinin ödənilməsindən imtina edə bilər:

  • işçinin istehsalatda bədbəxt hadisənin baş verməsi üzrə qəsdi;
  • istehsalatda baş verən bədbəxt hadisə zamanı işçiyə spirtli içkilərin, narkotik maddələrin və digər zərərli vasitələrin təsiri;
  • qanunvericiliklə müəyyən edilən digər səbəblər.

Mənbələr: Əmək Məcəlləsinin 304-307 maddələri. “İstehsalatda baş verən bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində əmək qabiliyyətinin itirilməsindən icbari sığorta haqqında” Azərbaycan Respublikasının 11.05.2010 tarixli 999-IIIQ nömrəli qanunu