Minimal istehlak səbətinin dəyəri - İqtisadi Tədqiqatlar Mərkəzinin araşdırması

Mərkəzin ekspertlərinin Nazirlər Kabinetinin son qərarı ilə müəyyənləşmiş normativlər əsasında apardığı hesablamalara görə, iyul ayında Azərbaycanda yaşayış minimumu adambaşına 119 manat təşkil edib

İqtisadi Tədqiqatlar Mərkəzi (İTM) ACİ Budapeşt Fondunun İnstitutsional yardım layihəsi çərçivəsində həyata keçirdiyi «Alternativ inflyasiya səviyyəsinin hesablanması» proqramı üzrə Azərbaycanın 11 regionunda 2009-cu ilin iyul ayı ərzində apardığı qiymətlərin statistik müşahidəsinin nəticələri əsasında ölkə üzrə minimum istehlak səbətinin dəyərini hesablayıb.Mərkəzin ekspertlərinin Nazirlər Kabinetinin son qərarı ilə müəyyənləşmiş normativlər əsasında apardığı hesablamalara görə, iyul ayında Azərbaycanda yaşayış minimumu adambaşına 119 manat təşkil edib. O cümlədən əmək qabiliyyətli əhali üçün adambaşına minimum istehlak səbətinin dəyəri 131,83 manat, pensiyaçılar üçün 100,63 manat, 0-15 yaşlı uşaqlar üçünsə 124,54 manat olub. İyulda adambaşına düşən minimum xidmət haqqı əmək qabiliyyətli əhali üçün 24,88 manat, pensiyaçılar üçün 22,76 manat, 0-15 yaşlı uşaqlar üçün 16,37 manat, ərzaq xərcləri müvafiq olaraq 78,85 manat, 62,02 manat və 83,15 manat, qeyri-ərzaq xərcləri isə 28,1 manat, 15,85 manat və 25,02 manat təşkil edib.

Xatırladaq ki, 2008-ci ilin noyabr ayında Milli Məclis «Azərbaycanda 2009-cu il üçün yaşayış minimumu haqqında» qanun layihəsini təsdiqləyib. Sənədə əsasən, cari il üçün ölkədə yaşayış minimumu adambaşına 84 manat, o cümlədən əmək qabiliyyətli əhali üçün 92 manat, pensiyaçılar üçün 65 manat, uşaqlar üçünsə 69 manat səviyyəsində nəzərdə tutulub. Nazirlər Kabinetinin 30 aprel 2009-cu il tarixli 74 saylı «Azərbaycanda minimum istehlak səbətinin tərkibinin təsdiq edilməsi haqqında» Nazirlər Kabinetinin 2005-ci il 23 iyun tarixli 118 saylı qərarına dəyişiklik edilməsi barədə" qərarı ilə minimum istehlak səbətinin tərkibinə dəyişikliklər edilib.

 

18.01.2010
qazancim.az

                 75 AZN qazanmaq istəyirsən?

 
loading...