Minimum əmək haqqı minimum xərclərin 50%-ni ödəmir

Rövşən Ağayev: «Minimum əmək haqqının məbləği artır, amma alıcılıq qabiliyyəti dəyişməz qalır»

Azərbaycanda minimum aylıq əmək haqqının məbləği 2008-ci il yanvarın 1-dən 60 manat müəyyən edilib. Bu barədə prezident İlham Əliyev dekabrın 26-da sərəncam imzalayaraq Nazirlər Kabinetinə sərəncamdan irəli gələn məsələləri həll etməyi tapşırıb. Xatırladaq ki, bu vaxta kimi ölkədə minimum aylıq əmək haqqı 50 manat təşkil edirdi.

Prezidentin təsdiqlədiyi başqa qanuna görə, ölkədə yaşayış minimumu da artırılıb. 2008-ci il yanvarın 1-dən yaşayış minimumu ölkə üzrə adambaşına orta hesabla 70 manat müəyyən olunacaq. Qanuna əsasən, əmək qabiliyyətli əhali üçün bu hədd 79 manat, pensiyaçılar üçün 55 manat, uşaqlar üçün isə 59 manatdır. Gələn ilin ehtiyac meyarı isə 45 manat nəzərdə tutulub. 

Hazırda Azərbaycanda yaşayış minimumu 64 manat, ehtiyac meyarı isə 40 manatdır. Məlumat üçün deyək ki, yaşayış minimumu, yəni minimum istehlak səbətinin dəyəri ölkədə əhalinin həyat səviyyəsini ölçmək, sosial vəziyyətini qiymətləndirmək üçün istifadə olunan ən vacib indikator hesab edilir.

«Yaşayış minimumu düzgün hesablanmır»

               75 AZN qazanmaq istəyirsən?

İqtisadçı ekspert Rövşən Ağayev Azərbaycanda yaşayış minimumunun düzgün hesablanmadığını bildirir. Onun sözlərinə görə, «Yaşayış minimumu haqqında» qanun, eyni zamanda minimum istehlak səbəti deyilən bir anlayış var. Yaşayış minimumu 3 istehlak səbətindən təşkil olunur. Buraya ərzaq, qeyri-ərzaq və xidmət səbətləri daxildir: «Azərbaycan hökuməti, rəsmi şəxslər həmin səbətləri hesablayarkən normativləri düz götürməyiblər. Ərzaq səbətinə ət və ət məhsulları, süd məhsulları, meyvə-tərəvəz daxildir. Mən müqayisə aparmışam, ərzaq səbətinin normalarına görə Azərbaycan MDB ölkələrindən geridə qalır. Yəni birinci səhv odur ki, normalar düzgün hesablanmayıb. İkinci səhv isə odur ki, normalar hesablanarkən real bazar qiymətləri nəzərə alınmayıb. Bizim hesablamalarımıza görə, indiki situasiyada Azərbaycanda yaşayış minimumu ən azı 100 manat təyin edilməlidir».

Ekspertin fikrincə, ölkədə yaşayış minimumunun dəyəri regionlar üzrə müxtəlifdir. Məsələn, bu gün Bakıda yaşayış minimumunun dəyəri 110-115 manata çatır: «Təəssüf ki, rəsmi şəxslər hesablama apararkən rəqəmlərə düzgün yanaşmırlar. Müstəqil ekspertlərin obyektiv hesablamalarını isə şübhə ilə qarşılayırlar. Əgər mənim qeyd etdiyim rəqəmlərə kiminsə inamı yoxdursa, ona hesablamalarımızın həqiqi olduğunu sübut etməyə hazıram».

«Ermənistanda minimum əmək haqqı Azərbaycandakından yüksəkdir»

Ekspert bildirir ki, 2003-cü ilin aprelində ölkə prezidentinin fərmanı ilə Avropa Sosial Xartiyasında nəzərdə tutulan normalar üzrə dövlət proqramı qəbul edilib, 2004-cü ilin yanvarında ölkəmiz Avropa Sosial Xartiyasına qəbul olunub. Bu qurumun ekspert qrupunun 1999-cu ildə hazırladığı monoqrafiyaya görə, Avropa Şurasının üzvü olan ölkələrdə minimum əmək haqqı ölkə üzrə ümumi orta aylıq əmək haqqının ən azı 60 faizi qədər olmalıdır: «2007-ci ilin dekabrına olan məlumata görə, Azərbaycanda minimum əmək haqqı orta aylıq əmək haqqının cəmisi 23-23 faizini təşkil edir. Bu rəqəm Avropa Şurası ekspertlərinin tövsiyəsindən iki dəfədən çox aşağıdır. Doğrudur, başqa MDB ölkələrində də bu problem var. Məsələn, Ukraynada bu, 33 faizdir, Rusiyada isə Azərbaycandakından da aşağıdır. Ancaq məbləği etibarı ilə götürəndə mən çox utana-utana deyirəm ki, bu gün ölkəmizdə minimum əmək haqqı Ermənistandan və Moldovadan azdır.  Moldova ilə Ermənistan heç bir resursu olmayan, inkişaf tempinə görə Azərbaycandan xeyli geridə qalan ölkələrdir. Fakt odur ki, bu gün Ermənistanda minimum əmək haqqı 62 dollar, Moldavada 60 dollar, Azərbaycanda 58 dollardır».

«Minimum əmək haqqı 6 nəfərlik ailənin minimum ehtiyacının 50%-ni də ödəmir»

                  75 AZN qazanmaq istəyirsən?

Həmsöhbətim onu da vurğulayır ki, minimum əmək haqqını sevinə-sevinə, inkişafın təcəssümü kimi qeyd edənlər il ərzində baş verən 4 qat bahalaşmanı da gərək ağlaya-ağlaya elan edəydilər: «Maraqlı bir rəqəm deyim. MDB Statistika Komitəsinin hesabatına görə, Qazaxıstan, Ukrayna və Rusiyada elektrik enerjisi Azərbaycandan 35-40 faiz ucuzdur. Bu gün minimum əmək haqqını 100 manat da etmək olar. Əgər bu məbləğlə bir nəfər vətəndaş nəinki ailəsinin, tək özünün minimum ehtiyacını ödəyə bilmirsə, onda bu artımın nə xeyri var? Ölkəmizin qoşulduğu Beynəlxalq Əmək Təşkilatının 122 saylı «Minimum əmək haqqının təyin edilməsi haqqında» konvensiyası var. Bu sənədin tələblərindən biri budur ki, işçinin aldığı minimum əmək haqqı onun və öhdəsində olan ailənin minimum ehtiyaclarını ödəməlidir. Azərbaycanda gələn il veriləcək 60 manata 6 nəfərlik ailənin minimum tələbatının heç 50 faizini də ödəmək mümkün deyil».

«Minimum əmək haqqının alıcılıq qabiliyyəti dəyişməz qalır»

«60 manata vətəndaş nə ala bilər?» sualına aydınlıq gətirmək üçün R.Ağayev maraqlı müqayisə apardı: «60 manata vətəndaş 10 kilo ət ala bilər. Bu, bir ailənin aylıq minimum tələbatıdır. 2003-2004-cü illərdə Azərbaycanda minimum əmək haqqı 30 manat, ətin qiyməti 3 manat idi. Onda da minimum əmək haqqına 10 kilo ət almaq olurdu, indi də. Göründüyü kimi, minimum əmək haqqı 2 dəfə artıb, ancaq alıcılıq qabiliyyəti dəyişməz olaraq qalır. Bunu  inkişafın göstəricisi kimi təqdim edirlər və yanılırlar».

 

18.01.2010
qazancim.az

loading...