Əmək haqqının minimum həddi
Azərbaycan Respublikasının Konstitusiyasına əsasən hər kəsin heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Azərbaycanda minimum əmək haqqı – iqtisadi və sosial şərtlər nəzərə alınmaqla, qeyri-ixtisas əməyinə və xidmətlərə görə aylıq əmək haqqının ən aşağı səviyyəsidir. Minimum əmək haqqı milli səviyyədə müəyyən edilir və Prezidentin sərəncamı ilə ona yenidən baxıla bilər. Minimum əmək haqqı aylıq olaraq hesablanır. Kollektiv müqavilələrdə (razılaşmalarda) minimum əmək haqqının daha yüksək miqdarları müəyyən edilə bilər.
İş vaxtının aylıq normasını işləmiş və əmək funksiyalarını yerinə yetirmiş işçinin aylıq əmək haqqı dövlət tərəfindən müəyyən edilmiş minimum əmək haqqından az ola bilməz. Mükafatlar, əlavə ödənişlər, əmək haqqının artırılması, iş vaxtından artıq işə görə ödənilən əmək haqları minimum əmək haqqının miqdarına əlavə edilmir.
Minimum əmək haqqı barədə qanunvericiliyin pozulmasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Bu cür hərəkətlər 1000 manatdan 1500 manatadək cərimə ilə cəzalandırılır. Işçinin Əmək Müfəttişliyi orqanlarına şikayət etmək və ya məhkəməyə müraciət etmək hüququ var (hüququnun pozulması barədə öyrəndiyi gündən etibarən bir ay müddətində, maliyyə iddiaları ilə bağlı isə bir il ərzində).
Mənbə: Konstitusiyanın 35-ci maddəsi, Əmək Məcəlləsinin 155-ci 292, 296 maddəsi, İnzibati Xətalar Məcəlləsinin 192.3 maddəsi
Yenilənmiş minimum əməkhaqqı dərəcələri üçün minimum əməkhaqqı bölməsinə müraciət edin.
Əmək haqqı
Əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənişlərin məcmusudur. Əmək haqqı haqqında normalar Əmək Məcəlləsində təsbit edilmişdir.
İşçilərin əməyi vaxtamuzd, işəmuzd və əməyin ödənilməsinin digər sistemləri ilə ödənilir. Əmək haqqının miqdarı əmək müqaviləsi ilə müəyyən edilir, lakin o, kollektiv müqavilə üzrə tarif (vəzifə) maaşına əsasən müəyyən edilmiş məbləğdən az ola bilməz. Əmək məcəlləsi həmçinin əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində işçilərin əmək haqqının artırılmasını nəzərdə tutur
Əmək Məcəlləsinə müvafiq olaraq, Aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üşün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir.
Kollektiv müqavilədə, yaxud əmək müqaviləsində əmək haqqının verilməsinin başqa müddətləri də müəyyən edilə bilər. Əmək haqqının verilməsi günü istirahət və ya iş günü hesab edilməyən bayram günlərinə təsadüf etdikdə, o bilavasitə həmin günlərdən əvvəlki gündə verilir.
Əmək məcəlləsinə müvafiq olaraq, əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində cərimə verilməlidir və yaxud bu hala fərdi əmək mübahisəsi formasında baxılır. Bu qayda əmək haqqının bankın, digər işəgötürənin təqsiri üzündən ödənilməməsi və ya bankın müflis olması hallarına şamil edilmir.
İşəgötürən müvafiq müddət ərzində işçiyə ödənilməli olan əmək haqının tərkib hissələri, tutulmaların miqdarı və əsasları, həmçinin ümumi ödənilməli məbləğ barədə işçini məlumatlandırmalıdır.
Əmək haqqının ödənilməsi iş yerində nağd formada və ya pul köçürmələri vasitəsilə ödənilə bilər. Əmək haqqı milli valyutada, yəni Azərbaycan manatı ilə ödənilməlidir. Yetkin işçinin razılığı ilə işəgötürən əməkhaqqının müəyyən faizini natura şəklində (istehlak və ya məişət malları ilə, lakin spirtli içkilər (yetkinlik yaşına çatmayanlar üçün həmçinin enerji içkiləri), tütün məmulatları istisna olmaqla) ödəyə bilər, narkotik vasitələr, psixotrop maddələr, mülki dövriyyədən xaric edilmiş digər maddələr istisna olmaqla, istehlak malları), natura formasına ödənilən əmək haqqı pul ödənişinin 20% çox olmamalıdır.
Əmək haqqından müvafiq məbləğlər yalnız işçinin yazılı razılığı ilə, yaxud məhkəmənin qərarı ilə qanunvericiliklə nəzərdə tutulmuş icra sənədləri üzrə tutula bilər. İşəgötürənin sərəncamı ilə işçinin əmək haqqından yalnız aşağıdakı ödənişlər tutulur:
- qanunvericiliklə müəyyən edilmiş müvafiq vergilər, sosial sığorta haqları və digər icbari ödəmələr;
- icra sənədləri üzrə müəyyən edilmiş məbləğ;
- işçinin təqsiri nəticəsində vurulmuş zərərin ödənilməsi (tam maddi məsuliyyət halları istisna olmaqla, bu məbləğ orta aylıq əməkhaqqını keçməməlidir);
- müvafiq iş ilinə görə məzuniyyətə çıxmış və həmin iş ili bitənədək işdən çıxdığı halda məzuniyyətin işlənməmiş günlərinə düşən məzuniyyət pulu;
- xidməti ezamiyyətə göndərilən işçiyə avans olaraq verilmiş ezamiyyə xərclərinin ezamiyyətdən qayıtdıqdan sonra artıq qalmış borc məbləği;
- səhv nəticəsində artıq verilmiş məbləğlər;
- təsərrüfat ehtiyaclarından ötrü malların, əmtəələrin alınması üçün verilmiş, lakin xərclənməmiş və vaxtında qaytarılmamış pulun məbləği;
- həmkarlar ittifaqının üzvlük haqları, və digər hallar – kollektiv müqavilələr əsasında müəyyən olunur.
Hesabda səhvə yol verilməsi halları istisna olmaqla, işəgötürən tərəfindən işçiyə artıq verilmiş əmək haqqı, o cümlədən müvafiq qanun və digər normativ hüquqi aktların düzgün tətbiq edilməməsi nəticəsində verilən məbləğlər işçidən tutula bilməz. İşçinin ərizəsində göstərdiyi məbləğdə və müddətlərdə əmək haqqının müvafiq hissəsi kommunal xərclərin, bankdan aldığı ssudaların, kreditlərin və digər şəxsi borclarının ödənilməsi üçün tutularaq kreditorlara göndərilə bilər.
Hər dəfə əmək haqqı verilərkən tutulan bütün məbləğlərin ümumi miqdarı işçiyə verilməli olan əmək haqqının iyirmi faizindən və müvafiq qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə əlli faizindən artıq ola bilməz. Bu məhdudiyyətlər islah işləri çəkərkən habelə alimentlərin tutulması, sağlamlığa vurulmuş ziyanın ödənilməsi, ailəni dolandıranın itkisi nəticəsində zərər çəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsi və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsi zamanı işçiyə verilən əmək haqqından məbləğlərin tutulmasına şamil edilmir.
İşəgötürən işçiyə əmək haqqını vaxtında və tam həcmdə ödəməlidir. Hesab xətaları istisna olmaqla, əmək haqqının hesablanması və ödənilməsi zamanı qanunun pozulmasına görə vəzifəli şəxslərə 700 manatdan 1500 manatadək cərimə tətbiq edilir.
Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən, 13-cü və 14-cü maaşların və ya digər mükafatların ödənilməsi məcburi deyil. Onların verilməsi və ödəniş proseduru müəssisə səviyyəsində, əmək müqaviləsində və ya kollektiv müqavilədə bu barədə müddəa olduqda müəyyən edilir.
Əmək müqaviləsi ilə müəyyən edilmiş öhdəliklərin yerinə yetirilməsində əməkdaşların maddi marağını artırmaq, istehsalın səmərəliliyini və işin keyfiyyətini yüksəltmək məqsədilə təşviqedici sistemlər tətbiq oluna bilər. Bunlara mükafatlar, illik fəaliyyət nəticələrinə əsaslanan ödənişlər və digər maddi təşviq formaları daxil ola bilər.
Əməkhaqqına əlavələr, mükafatlar və digər təşviqedici ödənişlər kollektiv müqavilələrlə və ya fərdi əmək müqavilələri ilə tənzimlənir. Kollektiv müqavilə olmadıqda, belə ödənişlər ya əmək müqaviləsi ilə, ya da işəgötürən tərəfindən həmkarlar ittifaqı ilə razılaşdırılmaqla müəyyən edilir.
Təhlükəli və ya ağır əmək şəraiti olan və iqlim şəraiti əlverişsiz bölgələrdə, habelə Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində çalışan əməkdaş və mütəxəssislər üçün əməkhaqqı artımı (əmsallar) tətbiq olunur ki, bu da onların əlavə ödənişlə təmin olunmasına xidmət edir. Belə artımların (əmsalların) minimum məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
Əmək və ya kollektiv müqavilələrdə iş vaxtından artıq işə və gecə vaxtı yerinə yetirilən işlərə görə əlavə ödənişlər nəzərdə tutula bilər.
Əməkdaşın digər peşə (vəzifə) üzrə əmək funksiyalarını yerinə yetirməsi hallarında əməkhaqqına əlavələr müəyyən olunur və müvafiq qaydada ödənilir.
Mənbələr: Əmək məcəlləsinin 154-159, 161, 165, 172-176-cı maddələri, İnzibati Xətalar Məcəlləsinin 192.4 maddəsi