Gəncədəki iş yarmarkasında 50 nəfər iş tapıb

Təşkil olunan yarmarkada iş tapdığı üçün sevinənlərlə yanaşı əliboş döndüyü üçün məyus olanlar da az olmayıb. İşaxtaran Xəyalə Cəfərova isə deyir ki, təklif olunan yerlərin çox fəhlə işidir. “

Gəncədə əmək yarmarkası keçirilib. Yarmarkaya  76 idarə, müəssisə və təşkilat tərəfindən 800-ə yaxın boş iş yeri iş çıxarılıb.

 Yarmarkada beş yüzədək işaxtaran iştirak edib. İşlə təmin olunmaq istəyən vətəndaşlara təklif olunan vəzifələrin əmək haqqı 75 manatdan 300 manatadək olub. Yarmarkaya vakant iş yerləri çıxaran müəsisələrdən 30-u dövlət, 46-i özəl sektorun payına düşüb. Yarmarkada iştirak edən işaxtaranlardan cəmi 50-si öz istəyinə və ixtisasına uyğun olaraq işə göndəriş vərəqəsi alıb.

Gəncə şəhər Məşğulluq Mərkəzinin baş məsləhətçisi Kəmalə Vəliyevanın verdiyi məlumata görə, işlə təmin edilənlərin 80 faizi gənclər olub. Onlar bundan sonra əsasən səhiyyə, sənaye və kommunal sahədə çalışacaqlar.

“Bizdə peşə kursları var. Arzu edən vətəndaşlar peşə kurslarına cəlb olunacaq və  yaxud da  arzu edən vətəndaşlar müvəqqəti xarakterli ictimai işlərə də cəlb olunacaqlar.” – deyə Kəmalə Vəliyeva bildirib.

İşaxtaran Nuranə Nəbiyeva deyir ki, ingilis dili bilənlərə iş tapmaq asandır. Ona görə də o özü üçün iş tapıb. Bundan sonra o həm müəllimə, həm də tərcüməçi işləyəcək.

İşaxtaran Aleksandr Nadirov: “İş axtarırdım, təlim ustası yeri təklif elədilər. Mən də razılıq verdim. İndi göndəriş alıb gedəcəm 2 nömrəli  liseyə.”

Təşkil olunan yarmarkada iş tapdığı üçün sevinənlərlə yanaşı əliboş döndüyü üçün məyus olanlar da az olmayıb. İşaxtaran Xəyalə Cəfərova isə deyir ki, təklif olunan yerlərin çox fəhlə işidir. “ Metodikanı qurtarmışam. Başqa qadına aid olan iş yerləri olsa da işləyərəm. Sadəcə burda göstərilən iş yerlərinin çoxu fəhlələr üçündür, yəni kişi lazımdı. Ona görə də heç bir iş tapa bilmədim.”

Boş iş yerləri təkilf edən müəssisələr də çıxardıqları vakant yerlərə az sayda işçi tapa biliblər. Gəncədə fəaliyyət göstərən Qızıl Əllər Tədris Müəssisəsinin rəhbəri Zemfira Ağayeva deyir ki, yarmarkaya 16 vakansiya təqdim edibmiş, cəmi  8 nəfəri tapıb.

Qeyd edək ki, bu ilin 9 ayı ərzində Gəncə şəhər  Məşğulluq Mərkəzinə 513 işaxtaran vətəndaş müraciət edib və onlardan 252-i daimi işlə təmin olunub.


Ülvi Telmansoy

 

Loading...