Gələn il maaş və təqaüd artımı olmayacaq

Qubad İbadoğlu: "Gələn il Mərkəzi Bank daha sərt şəkildə monetar siyasət aparmaq məcburiyyətində qalacaq"

Xəbər verildiyi kimi, Nazirlər Kabineti 2010-cu il dövlət büdcəsi layihəsini dövlət başçısına təqdim edib. Məlumatlara görə, gələn ilin icmal büdcəsi ötən ilkindən 2.7 milyard manat az proqnozlaşdırılıb. Belə ki, 2010-cu ilin dövlət büdcəsinin gəlirləri 10 milyard 015 milyon manat, xərcləri 11 milyard 264 milyon manat nəzərdə tutulub. İcmal büdcənin gəlirləri isə 11 milyard 885 milyon manat, xərcləri 12 milyard 466 milyon manat hesablanıb.

Maraqlı məqamlardan biri gələn il dövlət büdcəsində investisiya xərclərinin bu ilkindən 700 milyon manat az planlaşdırılması barədə deyilənlərdir. Qeyd edək ki, son illər hakimiyyət ilbəil büdcənin investisiya xərclərini artırırdı. Belə ki, investisiya xərclərinin büdcədə payı 2007-ci ildə 31,4 faiz, 2008-ci ildə 40 faiz təşkil edib. 2009-cu ildə isə büdcədən investisiya xərclərinə ayrılan vəsaitlərdə azalma müşahidə olundu. Daha doğrusu, hökumət qlobal maliyyə böhranın təsirindən büdcənin 1,6 milyard investisiya xərcinin xərclənməsini indiyə kimi təxirə salmalı oldu. Bu ilin son 3 ayında da bu xərclərin bölüşdürülməməsi yəqinləşib. Ən azından büdcə gəlirlərinin yığım səviyyəsi də buna imkan vermir.

Birmənalı olaraq, dövlət büdcəsi barədə konkret fikir bildirmək mümkün olmasa da, gələn il əmək haqqı və təqaüd artımının olmayacağı dəqiqdir.

Görünənlər onu deməyə əsas verir ki, hökumət artıq qlobal maliyyə böhranından lazımı nəticəni çıxarıb. Lakin bunun  heç də belə olmadığını real qəqəmlərə əsaslanıb deyə bilərik. Çünki 1,6 milyard manat vəsait bu ilin dövlət büdcəsində xərclənməmiş saxlanılıb. Bu baxımdan gələn ilin investisiya xərclərinin reallıqda bu ildəkindən heç də az olmayacağı, əksinə isə artacağı deməkdir.

Ekspertlər belə bir vəziyyətdə hökumətin investiya xərclərinin birdən-birə kəskin azaldılmasını da doğru saymır. Çünki bu, makroiqtisadi proseslərə mənfi təsir edə bilər. Rəqabət qabiliyyəti kifayət qədər zəif olan yerli istehsal sahələri sıradan çıxa bilər.

Bununla yanaşı ekspertlər bu ilin büdcəsində reallığı əks etdirən kifayət qədər məqamların olduğunu deyirlər. Məsələn, neftin qiymətinin baş maliyyə planında 40-45 dollar planlaşdırılması barədə deyilənlər də bunu göstərir. İqtisadçı ekspert Qubad İbadoğlunun FaktXəbərə verdiyi açıqlamasında neftin qiymətinin bu səviyyədə göstərilməsinin doğru olduğunu deməklə yanaşı bildirib ki, 2010-cü ilin dövlət büdcəsinin cari ildəkindən az proqnozlaşdırılması makroiqtisadi proseslərə qismən də olsa mənfi təsir edəcək: "Məcmu tələblə məcmu təklif azalacaq. Mərkəzi Bank daha sərt şəkildə monetar siyasət aparmaq məcburiyyətində qalacaq".

Ekspert qlobal maliyyə böhranı fonunda hökumətin daha çox səmərəli büdcə siyasətinin yürütməli olduğunu və ancaq bunun müşahidə olunmadığını dedi: "Son illərin təcrübəsi göstərir ki, büdcənin investisiya xərcləri korrupsiya dolu infrastruktur layihələrə ayrılır. Bu layihələrin məbləği kifayət qədər şişirdilmişdir. Gələn il də bunun belə olacağına şübhə etmirəm. Ancaq bu barədə dəqiq məlumat olmadığına görə, ətraflı fikir bildirmək olmur".

Q.İbadoğlu dövlət büdcəsinin səmərəliliyinin artırılması üçün Hesablama Palatasının və başqa qurumların fəaliyyətini formal əsasda qurulduğunu dedi: "Hesablama Palatasına büdcənin səmərəliliyinin qiymətləndirilməsi üçün işləməyə imkan vermirlər. Qurum formal fəaliyyət göstərir"

                  75 AZN qazanmaq istəyirsən?

Loading...