Məcburi köçkünlərə verilən çörək pulu artırılmayacaq

“Əvvəllər Bədən Tərbiyə İnsitutunun zirzəmisində qalırdıq. Orda da heç yaşamaq olmurdu. Tez-tez xəstələnirdik. Sonra ordan – burdan material tapıb insitutun arxasında bir otaq tikdik. Yeddi nəfər bir otaqda qalırıq. Yeməyimiz də, yatmağımız da burdadır.”

66 yaşlı Mələk Kamalova heç düşünməzdi ki, ömrünün bu çağında yaşamağa bu qədər  nifrət edəcək. “Belə yaşamaqdansa ölmək yaxşıdır. Nə qədər ehtiyac içərisində olarsan.”

O, Kəlbəcər rayonundan məcburi köçkündür. 16 ildir ki, Nərimanov rayonunda gecəqonduda yaşayır: “Əvvəllər Bədən Tərbiyə İnsitutunun zirzəmisində qalırdıq. Orda da heç yaşamaq olmurdu. Tez-tez xəstələnirdik. Sonra  ordan – burdan material  tapıb insitutun arxasında bir otaq tikdik. Yeddi nəfər bir otaqda qalırıq. Yeməyimiz də, yatmağımız da burdadır.”

Mələk Kamalova deyir ki, qış gələndə onların  zülmü birə-beş artır: “Bütün yagış suları evin içində olur. Burda insan yaşayar! Biz vəhşi deyilik ki, biz də insanıq.”

Neft pulları və qaçqın

Evin yoxluğu bir yana, qaçqın qadın dövlətin onlara ayırdığı “çörək pulu”nun azlığından da şikayətlənir: “Adambaşına 13 manat 50 qəpik “çörək pulu” verirlər. Bununla necə dolanasan. Heç adi quru çörəyə belə çatmır. Gözümüzü də  dikmişik çörək puluna. Evdə  işləyənimiz də yoxdur. Bütün günü televizordan eşidirik ki, ölkə neftdən belə qazanır, insanların vəziyyəti belə yaxşılaşır. Yaxşı mən də bu ölkənin vətəndaşıyam da, bəs bu inkişaf mənə niyə gəlib çatmır? Neftdən gələn pullar hara gedir?”

İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin eksperti Rövşən Ağayev deyir ki, dövlətin  məcburi köçkünlərə ayırdığı çörək pulu çox azdır. “Dövlətin məcburi köçkünə verdiyi çörək pulu məcburi köçkünün çörəyinə belə yetmir. Dövlətin dəstəyi olmalıdır. Hökumət öz üzərinə düşəni yerinə yetirə bilmir. Bunu verməklə əhalinin başını qatır”.

corekler

Ekspertin sözlərinə görə, məcburi köçkünlərin hamısına çörək pulu verilməməlidir, çünki elə məcburi köçkün var ki, heç bu pula ehtiyacı da yoxdur: “Bakıda evi olana da 13 manat 50 qəpik verəsən, Sabirabadın düzündə yaşayana da. Bu heç bir məntiqə sığmır.

Bizim dövlət ehtiyacı oldu-olmadı, anacaq pul paylamaq vəzifəsini görür. Halbuki, pul paylamaq işini bu gün bankomatlar görür. Dövlətin əslində vəzifəsi odur ki, kimin pula ehtiyacı olduğunu araşdırsın, sonra pul paylasın. Bu gün ağıllı dövlətlər bu cür işləyir.”

“Məcburi köçkünlərə verilən çörək pulu dayandırılsın”

Sosioloq Rafiq Təmrəzov  isə məcburi köçkünlərə verilən çörək pulunun tamamilə dayandırlılmasının tərəfdarıdır. O deyir ki, bu pul insanlarda dilənçilik psixologiyası yaradır: “Məcburi köçkün cəmiyyətə adaptasiya olunmalıdır, normal həyata qoşulmalıdır. Öz əməyi ilə pul qazanmalıdır. Di gəl,  indi Azərbaycanda elə bir vəziyyət mövcuddur ki, əhalinin çoxu işsizdir. Ancaq dövlət məcburi köçkününə elə şərait yaratmalıdır ki, onun bu pula ehtiyacı yaranmasın”.

Qaçqın və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Sənan Hüseynov isə bildirir ki, 530 min məcburi köçkünə verilən müavinət bu il də artırılmayacaq: “Bu prezidentin səlahiyyətində olan məsələdir. Məcburi köçkünlərin müavinətinin  bu il artırlması nəzərdə tutulmayıb”.

Gecəqondularda yaşayan məcburi köçkünlərin köçürülməsinə gəlincə, mətbuat xidmətinin rəhbəri qeyd etdi ki, bu tipli evlərdə yaşayanlar köçürülməyəcəkI “Hələ ki, evlər, ancaq hərbi hissələrdə, məktəblərdə, fin tipli evlərdə yaşayan məcburi köçkünlərə veriləcək”.

Qaçqın Mələk Kamalova isə indiyədək yardım almadıqlarını deyir. Bəzi yardımları isə özlərinə qarşı təhqir sayır: “16 ildə bir dəfə də olsun ərzaq yardımı almamışıq. Bu il  orucluqda burda yaşayan qaçqınlara palçıq kimi xurma  payladılar. Onu itə atsan it də yeməzdi. Qaçqınsan deyə təhqir olunmalısan?”

Təhminə Paşayeva
07.12.2009

                75 AZN qazanmaq istəyirsən?

Loading...