“Pensiya hüququ ilə bağlı ən ciddi pozuntu yaşın artırılması və pensiyanın hesablanmasındadı”

Milli Büdcə Qrupunun pensiya məsələləri ilə üzrə eksperti, İqtisadi Təşəbbüslərə Yardım İB-nin sədr müavini Rövşən Ağayev www.qazancim.az saytının oxucuları ilə mövcud dəyişikliklərin mahiyyətini paylaşır

Dövlət Sosisal Müdafiə Fondu mətbuata açıqlamasında qeyd edib ki, “Əmək pensiyaları haqqında” qanuna edilən əlavə və dəyişikliklər Azərbaycanda pensiyaların məbləğinin artımına, ayrı-ayrı sosial qruplar arasında narazılığın aradan qalxmasına və sosial ədalətin bərpa olunmasına gətirib çıxaracaq. Amma bu dəyişikliklər cəmiyyətdə birmənalı qarşılanmır. Milli Büdcə Qrupunun (MBQ) ekspertləri böyük narazılıq doğuran bu dəyişikliklərin mahiyyəti, onların müxtəlif təbəqələrin sosial durumuna mümkün təsiri yönündə araşdırma aparıb. MBQ(Milli Büdcə Qrupu)-nin pensiya məsələləri ilə üzrə eksperti, İqtisadi Təşəbbüslərə Yardim İctimai Birliyinin sədr müavini Rövşən Ağayev www.qazancim.az saytının oxucuları ilə mövcud dəyişikliklərin mahiyyətini paylaşır.

Hökumət sığorta-pensiya sistemi ilə qeyri-bərabərliyi ləğv etmək istəyir. Bu nə dərəcədə realdır?

-Gəlir qeyri-bərabərliyi aradan qalxmasa, qeyri-rəsmi məşğulluq leqallaşmasa dünyada tətbiq olunan sığorta-pensiya modeli öz səmərəsini verməyəcək. Bu günləri nə qədər insan büdcə sahəsində çalışır? Müşahidələrimiz göstərir ki, bu gün işsizlərin böyük əksəriyyəti gənclərdir. Bir müqayisə aparım. Hazırda Azərbaycanda muzdlu işçilər bütün məşğul əhalinin cəmi 34 %-ni təşkil edir. Yerdə qalan 66%-i qeyri-rəsmi iş sferasında çalışır. 34% muzdlu işçi təxminən 1.5 milyon nəfər deməkdirsə onun təxminən 700 min nəfəri büdcə sferasında çalışır. Yəni bu büdcə sferasında çalışanların pensiya ilə bağlı problemləri olmayacaq. Yerdə qalan qeyri-rəsmi işləyənlərsə pensiya uçotunda deyillər, onlara sosial sığorta şəhadətnaməsi verilməyib. Onların sosial təminat məsələsi onsuzda havadan asılı durumdadırsa, üstəgəl hökumət pensiya yaşını artırırsa bu insanların sosial risk yükü bir az da artmış olur. Yəni 66% əhalinin sosial təminat baxımdan necə leqallaşmasının qayğısına qalmaqdansa dövlət öz sosial yükünü vətəndaşların boynuna atır. Təsəvvür edin ki, qeyri-rəsmi məşulluğa görə, Azərbaycan MDB-də yalnız Tacikistanla müqayisə olunur. Rəsmi məşğulluğun miqyası Qazaxıstanda Azərbaycandan 2.5 dəfə çoxdur. Belarusiyada təsəvvür edin ki, rəsmi məşğulluq 92%-dir. Azərbaycanda bayaq qeyd etdiyim kimi 34%-dir. Rəsmi məşğulluqdan kənar qalan, heç bir sosial təminat mexanizmləri ilə əhatə olunmayan insanları düşünməkdənsə, hökumət özünə daha asan yol seçir və bu insanların sosial müdafiə haqları bir az da daralır.

Pensiya qanunvericiliyinə son dəyişikliklərdə çoxuşaqlı anaların pensiya haqlarına məhdudiyyətlər qoyulub. Sizcə bu nə dərəcədə ədalətlidir?

-Qadınların pensiya güzəştlərinin məhdudlaşdırılması ilə bağlı onu qeyd edim ki, əgər ölkə normal sosial inkişaf yoluna çıxsa, məktəbəqədər təhsil sistemi inkişaf etsə, uşaqlara sosial müdafiə qayğısı olsa, qadınların pensiya yaşının artırılması sosial ədalətsizlik olmaz. Amma vətəndaş cəmiyyətlərinin ekspertləri, bəzi millət vəkilləri bu layihə ortaya çıxanda daha çox bu məsələnin hay-küyünü saldılar. Halbuki pensiya hüququ ilə bağlı ən ciddi pozuntu yaşın artırılması və pensiyanın hesablanmasındadı. Ən aşağı məvacib alan fiziki əmək sahibləri ilə yüksək maaş almış zehni əmək sahibləri arasında bir bərabərlik işarəsi qoymaq və onların pensiyalarının inzibati qaydada bərabərləşdirmək çox böyük sosial ədalətsizlikdir.

Pensiya qanunvericiliyinə son dəyişikliklərin narazılıq doğuran cəhətləri barədə fikirləriniz?

-İnsanların haqlarını pozan məsələlərdən biri də  yığım mexanizminin işləməməsidir. Əmək pensiyası haqda qanunun 10-cu maddəsinin tələblərinə görə, üç pilləli sistem təbiq olunur. Pensiyanın baza, sığorta və yığım hissələri. Problem ondadır ki, bizdə bu üç hissədən biri, yığım hissəsi yoxdur. Hər ay məvacibdən 25% sosial sığortaya ödənilirsə, bugünkü mexanizmlə bu faizin yalnız yarısı fondda uçota alınır. Çünki yığım hesabı işləmir. Nəticə ondan ibarətdir ki, əgər yığım hesabı tətbiq olunmayacaqsa, bu mexanizm uzun müddət qalacaqsa ayda tutalım 300 manat qazanan şəxsin qazancının sığorta hissəsi şərti olaraq 50 manat edəcək. Əgər minimum əmək haqqı da 75 manat olaraq qalsa bu adamın pensiyası 125 manat olacaq. Halbuki ayda 300 manat qazanırdı. Göründüyü kimi pensiyanın əmək haqqı ilə bağlılıq əmsalı 30% nisbətindədir. Halbuki inkişaf etmiş ölkələrdə bu əmsal 60%-dən 80-85%-ə qədərdir.

Məmurların da pensiyası bu cür hesablanır?

-Əmək pensiyası haqda qanunda müəyyən bir qrup var ki, ora məmurlar, hakimlər, dövlət qulluqçuları, dövlətdən məvacib alan xüsusi statuslu qruplar daxildir. Onların pensiya hesablanması daha sadə aparılır. Qanun müəyyən edir ki, tutalım onlar son maaşın 80%-i ilə pensiyaya çıxırlar. Sonrakı müddətdə pozisiya üzrə maaş artanda pensiyaya çıxdığı məvaciblə, son məvacib arasındakı fərqin 80%-i məbləğində pensiya verilir. Yəni burda tam fərqlidir.

Pensiya sahəsində beynəlxalq təcrübə necədir?

-Bir çox Avropa ölkələrində hökumət qeyri-rəsmi məşğullar üçün pensiya qanunvericiliyində haqq müəyyən edib. Məsələn, aylıq qazancından asılı olmayaraq bir məbləğ təyin olunur ki, insanlar sosial müdafiə fonduna ödəniş edə və beləcə pensiya hüququ qazana bilər. Amma bizim şəraitdə hökumət bilir ki, əhalinin 70%-ə qədər qeyri-rəsmi işləyir, onların nə əməyinin leqallaşması, nə pensiya haqqı, nə də onları icbari sosial sığortaya cəlb etmək barədə düşünür. Birinci bu məsələlər həll olunmalıyıdı. İkincisi də orta yaş məsələsinə gəldikdə, bunun pensiya yaşı ilə birbaşa bağlılığı var. Faktlar sübut edir ki, Azərbaycanda insanların 50%-i pensiya yaşına çatan ərəfədə vəfat edir. Bundan başqa pensiya təyin olunması üçün ilkin əmək stajı 12 il eləyiblər. Bu həddən artıq çoxdur. Bir çox ölkələrdə bu rəqəm 5-7 arasında dəyişir. Qanuna əlavə və dəyişikliklər edilməzdən öncə bu sahə bir araşdırıla bilərdi, beynəlxalq təcrübə öyrənilə bilərdi. Digər bir tərəfədən Azərbaycanda pensiya haqda qanunda erkən pensiyaya çıxma hüququ tanınmır. Yəni əgər adam maksimum əmək stajını ödəyibsə niyə də erkən pensiyaya çıxa bilməsin. Qərb ölkələrinin əksəriyyətində pensiya yaşının yüksək olmasına (qadınlar üçün 60, kişilər üçün 65) rəğmən həmin ölkələrdə hökumətin müəyyənləşdirdiyi maksimum əmək stajını (əksər ölkələrdə bu 45 ildir) çalışmış insanlara könüllü olaraq erkən pensiyaya çıxmaq hüquqü verir. Məsələn, Belçikada 60 yaşı tamam olmuş şəxs tələb olunan iş stajına malikdirsə, Çexiyada 25 il sığorta stajı varsa və pensiya yaşın 3 il qalırsa istənilən şəxs könüllü pensiyaya çıxa bilər.

Pensiya yaşının qaldırılmasını insanların işləmək arzusu ilə bağlayan məmurlar var. Buna münasibətiniz?

- Məmurların pensiya yaşının artırılmasını camaatın işləmək həvəsi ilə bağlanmasına o vaxt inanardım ki, çox şəffaf bir məşğulluq və işsizlik statistikası olardı. Azərbaycanda işsizlik geniş miqyasda tüğyan edib. Kimsə deyirsə ki, insanlar işləmək istəyir bu istəyi normal qarşılamaq olar. Amma o ölkədə ki, işsizlik çoxdur yaşlı insanların, pensiya yaşına çatan insanların hələ də işləməsi əksinə ölkəni daha da işsizlik burulğanına atmış olur. Mənə inandırıcı gəlmir ki, çox sayda insan müəyyən yaş həddinə çatanda yenə də işləmək arzusunda olsun. Düşünürəm ki, elə peşə sahələri var ki, orada işləməyin müəyyən bir yaş həddi olmalıdır. Məsələn, müəllimlərin, xüsusən də, pensiya yaşına çatandan sonra da işləməsinin tərəfdarı deyiləm. Çünki təcrübə də göstərir ki, müəyyən yaşa çatandan sonra onların məhsuldarlığı azalır. Təbii ki, burada elmi tədqiqatla məşğul olanları istisna etmək olar. Əgər hökumət pensiya sahəsində fundamental islahat aparmaq istəyirsə, birincisi mənim bu dediyim ideyaları nəzərdən keçirməlidir. İkincisi, bu günləri real işsizlik nə qədərdir, real işsizliyin tərkibində pensiya yaşı qabağı insanların xüsusi çəkisi nə qədərdir? Bu rəqəmlərin heç biri ortada yoxdur. Ona görə də məmurların gətirdiyi arqumentlər havada qalır. Çünki sözçülük eləyəndə, faktlarla danışmayanda gətirilən arqumentlər əsassız olur.

 Pensiya haqda yeni qaydaya görə, QHT, media sahəsində çalışanların aqibəti necə olacaq?

 -Azərbaycanda bu gün media sahəsi gizli iqtsadiyyatın bir hissəsidir. Mediayaya gələn pullar heç yerdə uçota alınmır. Bu baxımdan QHT və media sahəsində çalışanların durumu lap ağırdır. Bu gün media sahəsində çalışanlar necə sosial müavinətdən yararlanırsa, o cür də pensiyadan yararlanacaq. Bu gün demək olar ki, media işçiləri sosial müdafiədən yararlana bilmir.

 

Səbinə Vaqifqızı
01.12.2009

 

                     75 AZN qazanmaq istəyirsən?

Loading...