Rus dili müəllimləri ixtisaslarını dəyişməyə məcbur olublar

Bu tədris ilindən rus dili artıq sərbəst fənn kimi yox, yalnız xarici dil statusunda tədris olunmağa başladı.

Bu tədris ilindən rus dili artıq sərbəst fənn kimi yox, yalnız xarici dil statusunda tədris olunmağa başladı. Rus dili saatlarının orta məktəblərdə azaldılmasını cəmiyyətdə müxtəlif cür qarşılayan oldu. Bəzi ziyalılar bunu dilimizin inkişafına, milli təfəkkürün möhkəmlənməsinə yönəlik addım kimi dəyərləndirdi. Bəziləri ingilis dilinə tələbatın daha çox olduğundan bu dilin xarici dil olaraq dominantlığını təbii saydı. Amma toplumda konkret olaraq rus dilinin orta məktəblərdə tədrisinin daralmasından konkret zərər çəkənlər də oldu. Bir vaxtlar rus dili və ədəbiyyatını tədris edən  45 yaşlı Rahidə Mehdiyeva kimi.

Rahidə Mehdiyeva M.F.Axundov adına Rus Dili və Ədəbiyyatı Pedaqoji İnstitutunu (indiki Bakı Slavyan Universiteti) bitirib. On üç il əvvəl, Suraxanı rayonu 290 saylı orta məktəbdə rus dilini tədris etməyə başlayan Rahidə müəllimə ilk sevincini hələ də xatırlayır: “Orta məktəbdə oxuyarkən arzum olub ki, rus dili müəllimi olum. Universitetə çox böyük həvəslə qəbul olub, öz gücümə də oxumuşam. Son illər rus dilinin məktəblərdə sıxışdırılması ilə elə bil qol-qanadımız sınıb”.

Rahidə müəllimə deyir ki, onun dərs dediyi məktəbdə 2000-ci ildən rus dili ikinci xarici dil kimi tədris olunur. Əvvəl şagirdlərə birinci sinifdən rus dili keçirilirdisə, indi maraq saatı kimi yalnız şənbə günləri rus dili tədris olunur: “Rus dilinə bu münasibət biz müəllimlər üçün lap sürpriz oldu”. Onun sözlərinə görə, şənbə günü vaxt ayırıb rus dili öyrənməyə can atan şagirdlərin yalnız davamiyyəti yoxlanılır. Heç bir qiymətləndirmə də aparılmır. Belə olan halda şagirdin rus dili dərsinə necə məsuliyyətlə yanaşdığı da müəllimlər üçün sual altında qalır.

Sual: Rus dili, yoxsa ingilis dili?
Cavab: İngilis dili

Rahidə Mehdiyeva deyir ki, şagirdləri iki xarici dil seçimi qarşısında qoymaq doğru deyil. Hər iki xarici dil eyni zamanda tədris oluna bilər.

«XXI Əsr» Təhsil Mərkəzinin sədri, təhsil üzrə ekspert Etibar Əliyevin də hesab edir ki, rus dili dərslərinin birdən birə kəskin şəkildə azaldılması yolverilməzdir: “15-20 il müddətinə, ta ki, bizim ədəbiyyat bazamız formalaşana, dilimiz elm üçün yaramağa başlayana qədər bu dili sıxışdırmamaq olardı. Siz bir nəzər salın – Azərbaycanda dərc olunan elmi-publisistik jurnalların əksəriyyəti rus dilindən tərcümə olunan məqalələrdir. Dünya ədəbiyyatı kitabxanası rus dilindən tərcümədir. Yaxşı olardı ki, rus dilinin tədrisi orta məktəblərdə əvvəlki kimi aparılaydı. Bu heç də onların təfəkkürünün inkişafına maneə törətməzdi”.

Etibar Əliyev deyir ki, hələlik ingilis və ya fransız dili təhsilimizdə rus dilini əvəz edə bilmir. “Rus, ingilis, ispan dillərində olan ədəbiyyatların tərcüməsi çox zəif aparılır. Tərcümə mərkəzləri, tərcüməçilər, elmi, bədii tərcümə də demək olar ki, yoxdur. Bizim intellektual inkişafımız üçün hələlik rus dilini ikinci xarici dil səviyyəsinə salmaq doğru deyil. Rus dilində tükənməz sayda ədəbiyyatlar var. Onların Bakıya gətirilməsi çox da çətin deyil”.

Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Bayram Hüseynzadə isə bu məsələylə bağlı mətbuata açıqlamasında qeyd edib ki, bundan sonrakı tədris planında rus diliylə bağlı hansısa dəyişikliklər gözlənilmir. Rus dili Azərbaycanın orta məktəblərində 1999-cu ildən xarici dil kimi tədris olunmağa başlayıb. Təhsil Nazirliyi həmin ildən rus dilinin tədrisi saatlarını azaldıb və bu ildən xarici dil statusuna keçirilib.

Bir vaxt rus dilini öyrədənlər...

Rus dilinin dərs saatı kimi keçirilməsi dayanandan, bir çox müəllimlər kimi, Rahidə müəllimə də çıxış yolunu ixtisasını dəyişməkdə görür. O, saatların azaldığı bir vaxtda ixtisara düşmə reallığı ilə üzləşməmək üçün səkkiz aylıq kursa getməli olur: “Vaxtilə rus dili keçdiyim şagirdlərimin bacı-qardaşına indi ana dilini tədris edirəm. Onlar da təəccüb edirlər ki, axı Rahidə müəllimə rus dili müəlliməsi idi. Şagirdlərə hər şeyi başa salıram. Məcburiyyət qarşısında ixtisasımı dəyişdiyimi deyirəm.”

Ekspert Etibar Əliyev isə deyir ki, bu dəyişiklikdən ən çox zərər çəkən rus dilində olan orta məktəblər, rus dilində təhsil almaq niyyətində olan adamlar, bu sahə üzrə ixtisaslaşan çoxsaylı müəllim ordusu və elmi tədqiqatla məşğul olmaq istəyənlər oldu.

Ana dili qayğısı və reallıq

Bu gün rus dilini sıxışdırmaqla ana dilinin intellektual yükünü artırmağın mümkün olduğunu düşünənlər var. Ekspert Etibar Əliyev bunu milli məsələ kimi qiymətləndirməyin yanlış olduğunu deyir: “Hansı dildə təhsil almaq yüksək səviyyədədirdsə insanlar o dildə də təhsil almalıdırlar. Bu gün cəmiyyətimizdə ingilis dili danışıq dilidir, rus dili kimi intellektual dil, təhsil dili deyil. Bir çox sahələr üzrə ana dilimizdə ədəbiyyat qıtlığı var”.  

Bakı təhsil idarəsinin məlumatına görə, paytaxtdakı 324 məktəbdən 155-də hələ də rus bölməsi var.

 

Səbinə Vaqifqızı
02.12.2009

                75 AZN qazanmaq istəyirsən?

Loading...